Vətən Müharibəsində qazandığımız şanlı qələbədən iki il ötür. Azərbaycan Silahlı Qüvvələri 44 günə əldə etdiyi möhtəşəm Zəfəri dünyanın hərb tarixinə əbədi yazdı. Xüsusilə qədim qala şəhərimiz Şuşada aparılan ağlasığmaz döyüş əməliyyatları qüdrətli dövlətlərin hərbi ekspertləri, NATO-nun mütəxəssisləri tərəfindən diqqətlə araşdırılır və sıldırım qayaları aşan hərbçilərimizin əlbəyaxa döyüşlərlə şəhəri azad etməsi möcüzə kimi qiymətləndirilir.
Bir sözlə, demək olar ki, Azərbaycanın Zəfəri dünyada əfsanəyə, Qarabağ müharibəsi isə döyüş brendinə çevrilib.
Bəs, Azərbaycan buna necə nail olub? Möcüzəni reallığa çevirməyin sirri nədədir?
Modern.az bununla bağlı xarici ekspertlərin münasibətini öyrənib.
Türkiyəli tanınmış hərbi ekspert İmbat Muğlu Modern.az-a bildirib ki, Şuşanın işğaldan azad olunması Qarabağ müharibəsinin taleyini dəyişdirib:
“Qəddarlığın və zülmün yer üzündə nümayəndəsi olan Ermənistan Sovet İttifaqı dağıldıqdan sonra 28 il ərzində işğal etdiyi Qarabağda və ətraf torpaqlarda misli görünməmiş dağıntılar törədiblər. Ermənistan rəsmiləri 1992-ci il mayın 8-də Şuşa-Laçın dəhlizini ələ keçirəndə belə fikir səsləndirmişdilər: “Şuşa şəhərinə kim nəzarət edirsə, bütün Dağlıq Qarabağa da nəzarət edəcək”...
Çünki Şuşa tarixdir, Azərbaycanın mədəniyyət şəhəridir. Şuşa Xankəndiyə gedən yolun üstündə yerləşdiyinə görə, həmişə erməni silahlı qüvvələrinin hədəfində olub.
2020-ci ilin sentyabrın 27-də Ermənistan ordusu Azərbaycanın cəbhə xəttindəki mövqelərini və mülki yaşayış məntəqələrini iriçaplı silahlardan, artilleriya və minaatanlardan atəşə tutub. Ermənistan ordusunun intensiv bombardmanları nəticəsində təmas xəttində yerləşən yaşayış məntəqələrində mülki şəxslər və hərbçilər şəhid olublar. Şanlı Azərbaycan Ordusu erməni təxribatlarına cavab olaraq, bütün cəbhə boyu əks hücuma keçib. Həmin gün Prezident İlham Əliyev xalqa müraciət edərək, Azərbaycanın mübarizəsinin haqq işi olduğunu və öz torpaqlarını xilas etmək üçün mübarizə apardıqlarını bildirib. Ardınca Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, "Azərbaycana qarşı hücumlara yenisini əlavə edən Ermənistan regionda sülh və əmin-amanlıq üçün ən böyük təhlükə olduğunu bir daha göstərdi. Türk milləti Azərbaycanın yanındadır. Azərbaycanın qardaşları həmişə olduğu kimi bu gün də ona bütün imkanları ilə dəstəkdir”.
Düşmənə döyüş meydanında sözün əsl mənasında dərs verən Azərbaycan Ordusu noyabrın 8-də Şuşanı işğaldan azad etməklə tarixi qələbə qazandı. Azərbaycan hərbçilərinin Şuşaya daxil olması Ermənistan ordusunun parçalanmasına səbəb oldu. Qarabağın qondarma erməni lideri Arayik Arutyunyan "Azərbaycan qüvvələri Şuşa istiqamətində irəliləyir. Onlar şəhərdən maksimum 5 kilometr aralıdadırlar. Şuşa yıxılırsa, Qarabağ yıxılıb" deyirdi. Tarixin təkrarlanacağı vədi bir daha öz təsdiqini tapdı. Ermənistanın işğalı altında olan Qarabağ torpaqları azad olundu və bununla tarixi ədalət bərpa edildi”.
Gürcüstanlı ekspert Zaal Anjaparidze isə hesab edir ki, Azərbaycan Ermənistanla yanaşı, münaqişənin həlli üçün heç bir iş görməyən beynəlxalq qurumları da məğlub edib:
“Qarabağ qələbəsi hər cəhətdən sistemli hazırlığın nəticəsi idi. Qarabağ müharibəsini təhlil edərkən tərəflər arasında hərbi gücə diqqət etmək lazımdır. Azərbaycan döyüşlərdə son dərəcə yeni silahlardan, taktikalardan istifadə edirdi. Eyni zamanda, Azərbaycanın Türkiyənin simasında güclü müttəfiq əldə etməsi müharibənin taleyini dəyişdi deyə bilərik. Türkiyə PUA-ları olan “Bayraktar”lar ermənilərin qorxulu yuxusuna çevrilmişdi. Nəhayət, Azərbaycan tarixi ədaləti bərpa etməklə beynəlxalq sülhməramlı qurumları da (ATƏT, BMT) iflasa uğratdı. 30 illik diplomatik səyləri Azərbaycan 44 gündə həll etdi. Biz bundan sonra tərəflər arasında sülhün olmasını arzulayırıq”.
Vaxtilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Əməliyyat Baş İdarəsində xidmət etmiş, ehtiyatda olan polkovnik Mixail Xodarenok Azərbaycanın bütün sahələrdə Ermənistandan üstün olduğunu qeyd edib:
“Azərbaycanda ölkə rəhbərliyinin qoyduğu döyüş tapşırıqlarını həll edə biləcək müasir silahlı qüvvələr yaradılıb və bunun nəticəsini Qarabağ müharibəsində gördük. Azərbaycan Ordusu qələbə qazandı. Müharibədə əsas üstünlük hərbi-iqtisadi potensial və psixologiyadır. Əgər bunlar varsa, güclü olan qalib gəlir. Etiraf edək ki, Azərbaycanın göstəriciləri Ermənistanın bütün qüvvələri üzrə göstəricilərindən üstündür. Vəziyyəti hərbi yolla dəyişmək üçün ən son silah və hərbi texnikaya malik müasir silahlı qüvvələrə ehtiyac vardı. Azərbaycan bunu başa düşürdü və hazırlıqlar görürdü. Ermənistan isə özünün kiçik büdcəsi və az əhalisi ilə bu problemi həll etmək gücünə malik deyildi. Azərbaycan Ordusu döyüşdü üstün olduğunu göstərdi. Hətta deyərdim ki, Azərbaycan Silahlı Qüvvələri müharibə zamanı Türkiyə modelindən də faydalanıb. Türkiyənin 2018-ci ildə Suriyanın Afrin şəhərində və İdlib əyalətində tətbiq etdiyi taktika Qarabağda da tətbiq olunub. Nəticəsi göz önündədir”.
Pakistanlı ictimai-siyasi xadim Qaiser Nəvab Azərbaycanın Qarabağda əldə etdiyi qələbənin dünyada bənzəri olmadığını söyləyib:
“Qardaş və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırır, İkinci Qarabağ müharibəsində qələbənin qeyd edilməsində onların sevincini bölüşürəm. Azərbaycan xalqı kimi Pakistan xalqı da bu qələbəni eyni sevinclə qeyd edir. Vətən Müharibəsi dövründə Pakistan xalqı, hökuməti və parlamenti Azərbaycanın mövqeyini mənəvi, sosial və siyasi cəhətdən dəstəkləyib. Biz həmişə azərbaycanlı qardaşlarımızın yanında olmuşuq və əlaqələrimizi möhkəmləndirmək üçün bundan sonra da dəstəkləyəcəyik. Azərbaycan ərazisinin 20%-ə yaxınının 30 illik işğalı zamanı Ermənistan bir sıra hərbi cinayətlər törədib, təxribatlara əl atıb. Bu gün sevinirik ki, Azərbaycan münaqişəni həll edərək, Zəfər Gününü qeyd edir. Bu qələbə Azərbaycanın gücünü dünyaya göstərdi. Bundan sonra da Azərbaycan Pakistanla davamlı tərəqqi, sülh və əməkdaşlıqdan zövq alacaq. Əminəm ki, iki qardaş xalq arasında əməkdaşlıq və qardaşlıq telləri davamlı olacaq”.
Ukraynalı zabit Dmytro Kulibaba Azərbaycanın qazandığı Zəfərin dünyada brend olduğunu xatırladıb:
“Ukrayna Qarabağ müharibəsi zamanı Azərbaycanın yanında olub. Qarabağ zəfəri dünyada kimin güclü, kimin haqlı olduğunu sübut etdi. Etiraf edək ki, müharibəyə qədər heç kim Azərbaycanın bu qədər güclü olduğunu, eyni zamanda belə silahların olduğundan xəbərsiz idi. Türkiyə kimi müttəfiqi qazanmaq qələbənin açarı idi. İlk dəfə olaraq Qarabağ müharibəsində “Bayraktar”dan istifadə edilib. Bu, dünyanın hərb tarixində bir yenilik idi. Hər kəs “Bayraktar”ın gücünə şahid oldu. Bu gün Qarabağ Zəfərində mühüm rol oynayan “Bayraktar” Ukraynada da istifadə olunur. Hətta döyüş taktikaları bizim tərəfimizdən öyrənilir”.
İsrailli hərbi ekspert David Gendelman isə Qarabağ Zəfərinin düzgün strateji əməliyyatların nəticəsi olduğunu söyləyib:
“İsrail və Azərbaycan arasında uzun illərdir dostluq əlaqələri var. Bu əlaqələr bütün sahələrə, eyni zamanda hərbi sahədə də öz sözünü deyir. Hesab edirəm ki, müharibədə istifadə olunan kamikadze dronları döyüşün Azərbaycanın xeyrinə inkşaf etməsinə şərait yaradıb. Qarabağın ədalətli olaraq öz sahibinə qayıtmasına sevinirik”.