Əli Əliyev 1946-cı ildə Laçının Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. 1992-ci ilə, Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Hazırda Bakıda orta məktəbdə dərs deyir.
Əli Əliyev mərhum şair Ağa Laçınlının qardaşıdır. O, 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər ərazisində erməni mühasirəsində qalıb, ağır mühasirə həyatı yaşayıb. Əli Əliyev öz xatirələrində Dağlıq Qarabağ münaqişəsinin ilk illərində şahidi olduğu hadisələrdən və mühasirə həyatından söz açır.
Modern.az saytı "Media forum"a istinadla Əli Əliyevin 8 hissədən ibarət xatirəsini təqdim edir
I hissə (Bayquşların gəlişi)
- 1980-ci illərin sonu Dağlıq Qarabağda ermənilərin başladığı və getdikcə genişmiqyaslı müharibəyə çevrilən separatçı fəaliyyətin acı təsiri Azərbaycanın hər tərəfində olduğu kimi Laçın rayonunun Oğuldərə kəndində də hiss olunurdu. Əhali daimi təşviş içində yaşayırdı.
1992-ci ilin soyuq qış ayları idi. Hava qarlı və şaxtalı idi. Küləyin vıyıltısı və tufanın uğultusu ac qurd kimi ulayırdı. Qar göydən elə yağırdı, elə yağırdı sanki ələkdən un ələnir. Belə bir vaxtda Laçından xəbər göndərildi ki, əhaliyə məlumat verilsin, köməyə gəlsinlər, ermənilər yenə hücuma keçib. Hava sərt olsa da, xəbər bir anda kəndin hər evinə yayıldı. Əli silah tutan kəndin ortasına toplandı. Ata-babadan qalan ov silahlarını götürüb Laçına köməyə getdik.
Bu xəbər qonşu kəndlərə də verilmişdi. Qar, çovğun insanların yolunu kəsə bilmədi. Erməniyə nifrət və vətən sevgisi insanı qılınc kimi kəsən qar-çovğundan qat-qat güclü idi.
Köməyə gedənlər nə vaxt geri qayıdacaqlarını bilmədiklərindən özləri ilə mümkün qədər çox azuqə də götürdülər. Amma bu məsələdə ehtiyatlı olmaq lazım idi. Çünki bizi aldada, əvvəlcədən hazırlanan plan əsasında silahları təhvil verməyi tələb edə bilərdilər. 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Azərbaycanda, xüsusən Ermənistanla sərhəddə yaşayan insanlardan ov silahlarını belə toplayırdılar. Hamını xəbərdar etdim ki, vəziyyəti öyrənmədən silahları heç bir halda Laçına, rayon mərkəzinə aparmaq olmaz.
Qarıkaha kəndindən keçib getdik. Bu kənddən rayon mərkəzinədək xeyli məsafə var. Qarıkahaya çatanda problem ortaya çıxdı. Buradan rayon mərkəzinə necə getməli? Silahı yolun içində tökmək olmazdı. Rayonun mərkəzində dərin bir dərə var. Maşın orada qaldı. Biz Xalq Cəbhəsinin Laçın rayon şöbəsinin qərargahına yollandıq. Öyrəndik ki, təhlükə hələlik sovuşub. Evə qayıtmalı olduq. Gecənin soyuğu hamının iliyinə işləmişdi.
***
1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımından sonra Oğuldərə sakinləri arasında narahatlıq daha da artmışdı. Bu qırğından sonra Oğuldərəyə sanki qəm dumanı çökmüşdü. İnsanlar günün əksər hissəsini televiziya və radionun qarşısında keçirir, hadisələri həyəcanla izləyirdilər. Hər yerdə bu məsələlər müzakirə olunur, ermənilərin hücumu zamanı kəndi necə müdafiə etmək götür-qoy edilirdi. Sanki böyükdən-uşağa hamı erməni təhlükəsinin tezliklə Oğuldərəyə çatacağını duyurdu...
Ancaq 1992-ci ilin yaz aylarında kənddə həyat öz axarı ilə davam edirdi. İlin bu çağında bizim yerlərdə təbiət göz oxşayır. Artıq yazın isti nəfəsi duyulur, dağları ağ ümmana çevirən qar əriyib yox olur, çaylarda axan suya dönür, dağlar və düzənliklər yaşıllaşır, novruzgülü, bənövşə və nərgiz dağların döşünü bəzəyirdi. Payız aylarında isti yerlərə uçub gedən quşlar, mal-qoyun saxlamaq üşün Aran rayonlarına köçmüş insanlar geri qayıdırdılar...
Erməni separatçılarının törətdikləri təhlükə, atəş səsləri təbiətin bu gözəlliyinə və füsunkarlığına təsir göstərmək qüdrətində olmasa da, hiss olunurdu ki, artıq adamlar bu gözəllikdən çox da həzz almır, yazın gəlişinə ürəkdən sevinə bilmirdilər. Ancaq kənd sakinlərinin əli işdən soyumamışdı. Hamı bağ-bostanını əkib-becərir, yaylağa köçməyə hazırlaşırdı. Heç kəs Laçının işğal olunacağına inanmırdı.
1992-ci ilin may ayının 8-i Azərbaycan tarixinə və xalqımızın yaddaşına qara hərflə yazıldı. Azərbaycanın mədəniyyət paytaxtı olan qədim və gözəl Şuşa düşmən caynağına keçdi. Artıq hamının qulağı səsdə idi, kənd sakinləri arasında yalnız bir məsələ müzakirə olunurdu: Laçının və bizim taleyimiz necə olacaq? Laçın da düşmən əlinə keçəcək? Bu arada şayiələr də sürətlə yayılırdı və kənd sakinlərini qorxu içinda saxlayırdı.
1991-ci ilin sonlarından yaranmağa başlayan Azərbaycan milli ordusunun bölmələri Oğuldərə ərazisində bir neçə post qurmuşdular. Hərbi hissənin qərargahı qonşu Qorçu kəndinin məktəbində yerləşirdi. Tez-tez qərargaha gedir, yaranmış vəziyyəti öyrənməyə çalışırdıq.
***
Oğuldərə kəndi Laçının mərkəzindən 70 kilometr uzaqda yerləşir. Kəndin sərhədi aşağı tərəfdən Ağsu dərəsi ilə başlayır. Dərənin narahat yoxuşundan düzə çıxan kimi yol boyu bir-birinə yaxın, həyəti çəpərli, qapısında tövlə, bağ-bostanı olan, qışda dümağ qara bürünən, yaz-yayda yaşıllığa qərq olan evlər görünür. Getdikcə kəndin gözəl və geniş mənzərəsi açılır və bu mənzərə tez-tez dəyişir. Kəndin arasıyla uzanan maşın yolundan həyətlərə cığır ayrılır. Bu yol və cığırlar qollu-budaqlı bir ağac kimidir, uca dağlara sarı uzandıqca uzanır.
Oğuldərə adamları soykökləri ilə tanınır. İlyaslar (Eylaslar), Məcnun uşağı (Möjdünlər), Məmməd uşağı, Qılıc uşağı, Seyidlər, Xıdır uşağı, Şərəfli, Ağlar uşağı və sair. Laçının Zağaltı kəndi, Kəlbəcərin bir neçə kəndi Qaraçanlı soyköklüdür, Qaraçanlı tayfasındandır. Oğuldərə də Qaraçanlı tayfasındandır.
1992-ci ildə Oğuldərənin iki mindən artıq əhalisi vardı. Digər kəndlərdə olduğu kimi Oğuldərə sakinlərinin də əsas məşğuliyyəti kənd təssərüfatı, xüsusən də heyvandarlıq idi. Qışda evlərin əksəriyyətində hanalar qurulur, gəvə-kilim toxunurdu. Sakinlər dövlətdən əmək haqqı, pensiya, uşaq pulu da alırdı. Buna baxmayaraq əksər adamın yaşayış səviyyəsi aşağı idi.
Payız olanda bir qrup sakin ailəsi ilə birlikdə Arana köçür, yazda yenə qayıdıb gəlirdilər. Gənclər rahat yaşayış, iş üçün şəhərlərə üz tuturdu. Kəndi bəyənməyənlərin çoxu “Allah səni xaraba qoysun” deyirdi. Bu sözləri deyən adamların əksəriyyəti köçkünlük fəlakətinə, doğma yurd-yuvanın, ev-eşiyin itkisinə dözə bilmədi, urəkləri dayandı.
***
Laçınlılar, o cümlədən Oğuldərə camaatı dəhşətli köçkünlük bəlasına düçar oldu 1992-ci ildə! Abad kəndləri yüz ilin xarabalığına döndərən il oldu 1992. Hələ 1991-ci ilin axırlarından - Laçının işğal olunduğu 1992-ci ilin 18 mayına, qaçqın düşdüyümüz günlərə xeyli qalmış - kənddə bir narahatlıq vardı. Bəzi insanlar fəlakət olacağını düşünürdülər.
Kəndə hardansa sayı-hesabı olmayan bayquş uçub gəlmişdi. 1992-ci ilin əvvəllərində bayquş sanki bu kənddən başqa yer tanımırdı, özünə yuva qurmağa yeri yox idi. İkinci hal kənddə itlərin ulaşması idi. Bir it ulamağa başlayanda elə bil obanın itləri bunu gözləyimiş kimi ağız-ağıza verib ulayırdı. İtlərin səsindən qulaq tutulurdu. Yaşlı insanlar bayquşun kəndə yığılmasını da, itərin ulaşmasını da bədlik əlaməti sayırdılar.
Novruz bayramına yaxın itlərin ulaşması, demək olar, hər gün bir neçə dəfə təkrarlanırdı. Yaşlı insanlar deyirdilər ki, 1937-ci ildə də (repressiya illərini nəzərdə tuturdular), İkinci Dünya müharibəsi illərində də belə olub: “Cavanlar getdi müharibəyə, kənddə başıpapaqlı qalmadı”.
***
Dağlıq Qarabağda yaşayan ermənilərin 1989-cu ildən Ermənistanla quru yol əlaqəsi kəsilmişdi. Laçın yolu bağlandığına görə Dağlıq Qarabağ erməniləri Ermənistana təyyarə və vertolyotla gedib-gəlirdilər. Qarabağdan Ermənistana gedən hava dəhlizlərindən biri Oğuldərənin üzərindən keçir.
Gün ərzində onlarla təyyarə və vertolyot Ermənistandan Qarabağa və əks istiqamətdə uçurdu. Lakin Oğuldərədə yerləşən və guya gecə-gündüz keşik çəkən hərbçilər bir dəfə də olsun ermənilərin təyyarə və vertolyotlarına atəş açmırdılar. Yerli sakinlər buna öz etirazlarını bildirəndə isə “yuxarıdan icazə vermirlər” cavabını alırdılar. Sonralar məlum oldu ki, həmin təyyarə və vertolyotlar Ermənistandan Dağlıq Qarabağa silah-sürsat daşıyırmış. Bu silahlardan Azərbaycan torpaqlarının işğal olunmasında istifadə edildi.
Bir fakt yəqin ki, Oğuldərə sakinlərinin yaddaşından silinməyib. Kənd sakinləri təhlükə yaxınlaşdığını hiss etdiklərinə görə bir neçə yerdə post qurmuşdular. Postda dayanan şəxslərdən biri Ermənistandan Qarabağa doğru uçan vertolyota atəş açmışdı. Bu hadisənin üstündən bir-iki gün keçməmiş Laçın rayonunun milis və təhlükəsizlik orqanlarından nümayəndələr gəlib kənddə axtarışlar apardılar, sakinləri sorğu-suala tutdular. Təhlükəsizlik qüvvələrinin əməkdaşları atəşi kimin və nə səbəbə açdığını araşdırırdılar. Onların məqsədi erməni vertolyotuna atəş açan şəxsi tapıb cəzalandırmaq idi.
***
1992-ci il qeyri-adi il oldu. Getsin gəlməsin. May ayının 14-ü idi. Bakıdan getmiş maşınlar kəndə çatdılar. Maşınların sürücüləri və onlarla gələnlər bildirdilər ki, artıq Laçın tamamilə boşalıb. Rayonun mərkəzində hərbçi və polislərdən başqa, demək olar ki, heç kim qalmayıb. Oğuldərə rayon mərkəzindən 70 kilometr uzaqda yerləşır. Ona görə də rayonda hansı hadisələrin baş verdiyindən çətin xəbər tuta bilirdik, bəzi hallarda bu məlumatlar doğru olmurdu.
Maşınları Bakıdan Oğuldərəyə kənd sakini Ağayev Baxşeyiş Qəzənfər oğlu gətirmişdi. O bildirdi ki, Laçın rayonun mərkəzində yaşayan əhali, demək olar, köçüb, lakin kəndlərdə hələ də insanlar qalıb. Ona görə də Laçında maşın tapmaq mümkün deyil. Lakin biz köçmək, öz doğma ev-eşiyimizi tərk etmək istəmirdik. Ona görə də çıxılmaz vəziyyətə düşmüşdük. Təəssüf ki, həyatımızı qurtarmaq üçün kəndi tərk etməkdən başqa çıxış yolumuz da qalmamışdı.
Bir yerə yığılıb xeyli məsləhətləşdik. Əksəriyyətin fikri ondan ibarət oldu ki, biz heç bir yerə köçməməliyik, ermənilərə müqavimət göstərməliyik, ata-babalarımızın uyuduğu doğma və müqəddəs torpaqlarımıza düşmən ayağının dəyməsinə imkan verməməliyik. Hətta Bakıdan gələn maşınları geri qaytarmaq istədik. Lakin gözümüzün qabağına Xocalı soyqırımı, ermənilərin orada azərbaycanlı qız-gəlinlərin, qadın və körpələrin, qocaların başına gətirdiyi faciələr gəldi. Belə qərara aldıq ki, qadınları və uşaqları erməni cəlladlarının caynağına vermək olmaz. Ona görə də yaşlı insanları, uşaqları və qadınları daha təhlükəsiz yerə köçürək.
Ancaq Bakıdan gələn maşınlarla yalnız bir neçə evin əşyalarını köçürmək olardı. Bu səbəbdən hər evdən bir neçə xalça, yorğan-döşək götürmək mümkün oldu. Qoca-qarını, uşaqları və qadınları maşınlara yığdıq. Bu zaman hamı ağlaşır, heç kəs öz ev-eşiyindən ayrılmaq istəmirdi. Yaşlı insanları isə erməni təhlükəsinin real olduğuna inandırmaq, kənddən çıxarmağa razı salmaq olduqca çətin idi.
Beş ailənin əşyasını bir yük maşınına yığdıq, 40 nəfərə qədər adam üçün yer saxladıq. Elə bu arada məlumat aldıq ki, erməni silahlı dəstələri Laçının mərkəzini işğal edib və Laçın-Qubadlı yolunu bağlayblar. Bizm bir yolumuz - Murovdağdan aşan Laçın-Kəlbəcər-Xanlar yolu ilə hərəkət etmək imkanımız qalırdı. Murovdağda isə, demək olar, ilin bütün fəsillərində qar olur və hər maşın bu dağ yolunda hərəkət edə bilmir. Üz tutduq Kəlbəcərə doğru. Maşında kəndin bu sakinləri vardı:
1. Əliyev Əli Əliqəmə oğlu
2. Əlizadə Turac Əli qızı
3. Əlizadə Babək Əli oğlu
4. Əlizadə Mirzə Əli oğlu
5. Əliyeva Rəhimə Əli qızı
6. Əliyev Xıdır Əli oğlu
7. İlyasov Yahya Kərbəlayi Qənbər oğlu
8. İlyasova Hürü İsmayil qızı
9. İlyasov Ənvər Molla Zülfüqar oğlu
10. İlyasova Pəri Xudaverdi qızı
11. Zülfüqarov Arif Ənvər oğlu
12. Zülfüqarova Səfa Arif qızı
13. Zülfüqarova Sayalı Arif qızı
14. Zülfüqarova Raya Arif qızı
15. Zülfüqarov Ənvər Arif oğlu
16. Zülfüqarova Pəri Arif qızı
17. Zülfüqarova Qızbəs Arif qızı
18. İlyasova Gülgəz Şamil qızı
19. Ağayev Baxşeyiş Qəzənfər oğlu
20. İlyasova Nərgiz Yahya qızı
21. Ağayeva Nərgiz Hümbət qızı
22. Ağayeva Tünzalə Baxşeyiş qızı
23. Ağayev Əhməd Baxşeyiş oğlu
24. İlyasov Məhəmməd Yunus oğlu
25. İlyasov İlyas Yunus oğlu
26. İlyasova Zibeydə Yahya qızı
27. İlyasova Şəfiqə İsmayıl qızı
28. Əmrahova Məhluqə İsrafil qızı
29. İlyasov Vüqar İlyas oğlu
30. İlyasova Məhluqə İlyas qızı
31. İlyasov Məhəmməd İlyas oğlu
32. İlyasova Məlahət Xasay qızı
33. İlyasov Xaləddin Əşrəf oğlu
34. İlyasov Dağbəyi Əşrəf oğlu
35. Məmmədov Pənah Balay oğlu (Pənah 1993-cü il dekabrın 28-də Ağdam rayonunun Güllücə-Salahlı kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb).
(ardı növbəti səhifədə)